Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmişə də Xocalıya atəş açılanda ratsiya ilə əlaqə saxlayırdıq, mənim böyük qardaşım Tofiq Xocalı batalyonunun komandiri idi.
Bunlar deyəndə mən də həmin postda dayanan ZTR-dən - bizim polis alayının uşaqlar idi - deyirdim, Əsgərandakı postları vururdular, kifayət etməyəndə qalxırdım Qarqar çayının sol sahilində olan Şelli kəndində topçular vardı, deyirdim, onlar topla Əsgəranı vururdular.
Çünki ermənilər görəndə ki, cavab veririk, atəşi dayandırırdılar.
Nə isə, özümü 19-cu posta çatdırsam da, mənə dedilər, bizə tapşırılıb ki, Əsgəran tərəfə atəş açmayın.
Haradasa gecə saat 12 idi, bəlkə də.
Yadımdadır ki, haradasa gecə saat 10-11 arası Xocalının vurulduğunu mənə dedilər, mən də gəldim Ağdam Polis İdarəsinə, orada qərargahda bir xeyli ləngiyəndən sonra getdim Qarağacı qəbiristanlığına.
Ola bilər, müddət bir saat çəkər, ola bilər, bir az çox çəkər, dəqiq bilmirəm.
- Siz biləndə ki, posta Əsgəran tərəfə atəş açmamaq əmri verilib, nə etdiniz?
- Bunlardan bu cavabı eşidəndən sonra qalxdım Şellidəki topçuların yanına.
Burada vardı polis qüvvələri, bir də Milli Ordu, özünümüdafiə batalyonu.
Bunlar da dedilər ki, bəs bizə göstəriş veriblər ki, bu gecə Xocalını azad etmək üçün əməliyyat keçirəcəyik.
Mən dedim:“Yaxşı, bəs eşitmirsiniz, ratsiya dağılır?!
Xocalıların fəryadı hara yüksəlir?
!”"Tutdum birini qolundan, çıxardım çölə, əlimlə göstərdim ki, “Baxırsansa, Əsgəranın üstünə bax - həmin gün də buludlu hava idi - görürsən, buludlar necə qıpqırmızıdır?
Yanan evlərin şöləsi buludlara vurur, nə əməliyyat, hansı əməliyyat?!
Dedilər, yox e, bizə belə əmr veriblər.
Təzədən qayıtdım gəldim Ağdama.
Gördüm, qərargahda da heç kim yoxdur.
Ayrı vaxt operativ nəsə edirdilər, həmin gün isə qəribə susqunluq vardı.
Təzədən oturdum maşına, gəldim Şahbulaq yolunda dördyol var, oraya.
Orada bizim iki ədəd “Qrad” qurğusu dayanırdı.
Gəldim deyim ki, bəs Xocalı əldən gedir.
Ratsiyada xocalılar biədəb sözlərlə deyirdilər ki, qeyrətiniz olsun, gözümüzün qabağından qız-gəlini ermənilər götürüb gedirlər, şəhəri vurun, ermənilərlə birlikdə biz də ölək, bu biabırçılığı görməyək, patronumuz yoxdur atmağa!
Atmağa da guya nələri vardı ki?
Ancaq “Kalaşnikov” avtomatı idi, o da məhdud sayda.
Gəldim çatdım ki, “Qrad” qurğuları da yerində yoxdur.
Dedilər, bəs ruslar “Qrad” maşınlarını götürmək istəyirlər, ona görə aparıb Ağcabədidə gizlədiblər.
Ağcabədi ilə də Ağdamın arası nə qədər yoldur da.
Bir də təzədən onların arxasınca gedilib, onlar səhərə yaxın qaytarılıb.
Bu dəfə də bəhanə gətirdilər ki, bəs koordinatlar qeyd olunmuş xəritəni tapa bilmirlər.
Hava işıqlaşanda güc-bəla xəritəni də tapdım.
Hər maşında 40 mərmili “Qrad”lar idi, BM21 markalı.
Bir də qayıtdım gəldim polis idarəsinə.
Bir az keçmiş xəbər verdilər ki, bəs Şelliyə tərəf Xocalıdan çıxıb gələnlər var.
Getdik ki, nə keçib gələnlər, keçib gəlmək nədir?
Qaraqayada insanları necə qırıblar, necə qırıblar...(səsi titrəyir - red.)
Burada bir haşiyə çıxım ki, bayaq qeyd etdiyiniz Malıbəyli ilə Quşçular camaatı çıxarılanda onlara rəhbərlik edib çıxaran yaxın dostum idi, indi polkovnikdir - Azay Kərimov.
Təşkil elədilər, Ağdam polisləri Abdal Gülablı istiqamətindən erməni kəndinə tərəf getdik, dəhliz yaratdıq.
Düzdür, erməni kəndini keçmədik, amma sağ qalanlar mühasirədən çıxan kimi yaralılara, yeriyə bilməyən qocalara, uşaqlara kömək edib o dəhlizlə Ağdama gətirdik.
Amma Xocalıda bu köməklərin heç biri olmadı.
Görürlər ki, erməni Xocalını mühasirəyə salıb, əliyalın camaatı qırır, Ağdamda olan o qədər batalyonlardan biri də döyüşə girmədi.
Kimin ki qeyrəti vardı, silahını götürdü, getdi Qaraqayaya...""- Həmin vaxt sizin ailəniz Xocalıda idi?
Bacım, atam, anam, iki qardaşım, bir qardaşımın yoldaşı Xocalıda idilər.
Həyat yoldaşım üç uşaqla, böyük qardaşımın üç övladı, bir də ortancıl qardaşımın yoldaşı ilə iki azyaşlı uşağı bəri tərəfdə, Ağdamda idilər.
Onları axırıncı vertolyotla Ağdama gətirə bilmişdik.
- Siz özünüz Xocalıya son olaraq nə vaxt çata bildiniz, nə vaxt görə bildiniz onları?
- Heç vaxt… Onların heç birini bir də görə bilmədim...Bircə faciə baş verən gündən təxminən 25 gün sonra böyük qardaşım Tofiqin cəsədini ala bilmişəm ermənidən.
Qalan beş nəfərin isə bugünkü günə kimi nə öldüsü, nə qaldısı barədə heç bir məlumatımız yoxdur...(fikrə dalır - red.)
Xocalı faciəsindən 17 il keçəndən sonra internetdə bir şəklə rast gəlirlər.
Baxırlar ki, Xocalıda, mənim evimin qabağında, hasarımın dibində üç qadınla iki körpənin güllələnmiş cəsədləri var.
Orada güllələnənlər isə qardaşım Tofiqin həyat yoldaşı Məxmər, o həm də xalamız qızı idi, Məxmərin kiçik bacısı Məhbubə iki azyaşlı uşağı ilə və bir də yaxın qohumumuzun qızı Rəsmiyyə idi - 20 yaşında.
Onlar səhərə yaxın bizə gələndə - yəqin, elə biliblər ki, bizimkilər evdədirlər - ermənilər onları elə hasarımızın dibində güllələmişdilər.
- Bu şəkil haradan əlinizə keçdi?
Kimin çəkdiyini, nə vaxt, necə çəkdiyini bilirsinizmi?
Əslində, Xocalı hadisələrinin işıqlandırılmasında bu şəkil çox böyük dəlildir, sübutdur.
Onu 1992-ci il fevral ayının 26-da, yəni faciədən üzü səhərə açılan gün - rusiyalı jurnalist vardı, tanınmış jurnalist (fotoqraf - red.)
Sonra necə olubsa, şəkli internetdə paylaşıb.
Necə çəkdiyinə gəlincə isə, o, həmin gün Xocalıya girən 366-cı motoatıcı alayın hərbi tibbi xidmət personalına qarışıb (rəfiqələri varmış rusların içində), öz dediyinə görə, onlar kimi ağ xalat geyinib və həkimlərlə birlikdə girib işğal olunmuş Xocalıya.
Elə olub ki, bizim evin yanından keçəndə həmin bu şəkli çəkib və 17 il özündə saxlayıb.
17 ildən sonra necə olubsa, paylaşıb.
Biz bu şəkli görəndən sonra bildik ki, Məxmər şəhid olub.
Yoxsa itkin kimi onu da axtarırdıq.
Qəribə də burasıdır ki, övladları bu şəkli görəndə kədərlənmək yerinə sevinmişdilər ki, yaxşı ki, anamız erməninin əlinə keçməyib.
Çünki ermənilər qadınların, qızların başına elə oyunlar açmışdılar, elə ağır işgəncələr vermişdilər, onlara qarşı elə təhqiramiz hərəkətlər etmişdilər ki, o dəhşətləri yaşamaqdansa, ölmək yüz dəfə yaxşı idi...(yenə fikrə dalır - red.)
- Xocalı hadisələrinin işıqlandırılmasında bu şəklin çox böyük dəlil ola biləcəyini dediniz.
Niyə soruşan olsa, necə izah edək?
Ona görə ki, Xocalı faciəsindən sonra ermənilər bütün dünyaya car çəkirdilər ki, “biz xocalılara humanitar dəhliz ayırmışdıq, əvvəlcədən məlumat vermişdik, onların sağ-salamat Xocalıdan çıxmasına təminat verib yola salmışdıq”.
Ermənilər deyirdilər ki, “Ağdama yaxınlaşanda azərbaycanlılar Qaraqayada özləri xocalıları qırıblar ki, bizi şantaj eləsinlər”.
Bunların yalanlarına sübutlardan biri, bax elə bu şəkildir - qardaşımın həyat yoldaşı Məxmərin və digərlərinin bizim evin qabağında güllələnməsi.
Əgər bizə təhlükəsiz dəhliz vermişdilərsə, onda bu adamları kim güllələmişdi?..
Mən ona görə təklif edirəm ki, oranın açıq havada muzey kimi saxlanılması üçün tədbirlər görülsün.
- Dediniz ki, qardaşınız, “Mixaylo” ləqəbli Tofiq Hüseynov həmin vaxt “Qisasçı” Xocalı özünümüdafiə taboruna rəhbərlik edirdi...""- Bəli.
Qardaşım tank qoşunlarında xidmət edirdi.
Həqiqi hərbi xidmətdən qayıdandan sonra xüsusi zabit kursları keçib Xocalı kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyirdi.
Qarabağ hadisələri başlayanda da kəndin özündə postlar yaratmışdılar - quş tüfəngindən, nə bilim, oradan-buradan gizlin şəkildə əldə etdikləri tapançalarla kəndi qoruyurdular.
İlk dəfə Milli Ordu yarananda, 1991-ci ilin sonlarında, Ermənistanla həmsərhəd olan rayonlarda ərazi özünümüdafiə batalyonları, taborları təşkil olundu.
Həmin batalyonun biri də Xocalıda yaradılmışdı və komandiri də qardaşım təyin olunmuşdu.
Deyim ki, ermənilərin əlində olan silah-sursatın yanında, hesab edin ki, bizimkilər elə əliyalın kimi bir şey idilər.
- Qardaşınızla son dəfə nə vaxt görüşmüşdünüz?
- Dəqiq yadımda qalmayıb vaxtı.
Mənə elə gəlir ki, 1992-ci ilin yanvar ayının ortaları idi.Batalyon üçün bir avtobus hərbi geyim, silah-sursat alıb gətirmişdi.
Yadımdadır, batalyonundan iki döyüşçüsü ilə gəlmişdi Ağdama - Valeh, bir də Nazim Abışov.
Onda hələ Şuşaya uçan vertolyot vurulmamışdı, mülki vertolyotlar uçurdular.
Pilotlarla danışdıq, razılaşdıq.
Əsasən, silahları, patronları - nə qədər ki vertolyota yükləmək olar, yığdıq və Tofiq tək uçdu Xocalıya.
Ondan sonra biz hər gün səhər tezdən gedirdik Novruzlu aeroportuna, gözləyirdik ki, növbəti vertolyotu nə vaxt təşkil edəcəklər ki, yerdə qalan yükü də yola salaq Xocalıya..."""- Qardaşınız əsir düşməmək üçün əl qumbarasını sıxaraq həm özünü, həm də onu mühasirəyə alan düşmən əsgərlərini öldürmüşdü.
Onun ölüm xəbərini nə vaxt öyrəndiniz?
Meyitini ermənilərdən necə ala bildiniz?
- Faciənin üstündən təxminən üç-dörd gün keçəndən sonra cavan əsirlərdən eşitdim ki, Tofiq şəhid olub.
Karen adında biri, soyadını unutmuşam, Əsgəranda yanğınsöndürmə xidmətində qulluq edirdi.
Qatı daşnaklardan biri idi.O, Xocalı faciəsindən üç-dörd gün keçəndən sonra gətirib Əsgəran Polis Şöbəsində - orada da bizim əsirlər saxlanılır və onlara işgəncə verilirdi - növbətçi hissəyə zirehli gödəkcələr tullayır.
Əlində də avtomat xocalılara deyirmiş ki, “baxın, komandirinizin silahıdır”...(fikrə dalır - red.)
Qardaşım dünyasını dəyişəndən sonra götürüblər onun silahını-avtomatını, tapançasını, dəbilqəsini, zirehli jiletini.
Onu deyəndən sonra əmin oldum ki, Tofiqin ölümü doğrudur.
Tofiqin avtomatının darağı o vaxtlar az tapılırdı.
Adətən, “Kalaşnikov”ların darağı bir az qısa olur - 30 güllə götürür, amma Tofiqin şabalıdı rəngdə 40 patron tutan darağı var idi, beş kalibrli avtomat.
Əslində, həmin daraqlar əl pulemyotları üçün nəzərdə tutulmuşdu.
Mən ondan bildim ki, silah Tofiqin silahıdır.
Meyitini götürmək məsələsinə gələndə, o vaxtlar iki erməni əsiri saxlayırdım.
Onların vasitəsi ilə Allahverdi Bağırovla əlaqə saxladım - rəhmətlik Eldar Bağırovun böyük qardaşı ilə.